Bakı-Dubay marşrutu üzrə FlyDubai tərəfindən icra edilən gündəlik uçuşlara əlavə olaraq, Azərbaycan Hava Yolları da adıçəkilən şəhərlər arasında gündəlik uçuşlara start verib.
Hal-hazırda, Yaxın Şərq ölkələrindən Azərbaycana səyahət edənlərin sayı artmaqdadır. Bakı və Dubay arasında gündəlik uçuş sayının artması ilə bu rəqəmlərin daha da yüksəlməsi gözlənilir.
"Beynəlxalq sərhədlərin tədricən açılmasından bu yana ən çox turist qəbul etdiyimiz 5 ölkədən biri Birləşmiş Ərəb Əmirlikləridir. Azərbaycan Hava Yolları tərəfindən Dubay və Bakı arasında gündəlik uçuşların bərpa olunması bizi olduqca sevindirir və ümumilikdə Yaxın Şərq ölkələrindən daha çox turist qarşılamağı səbirsizliklə gözləyirik”, - deyə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
Bakı-Dubay marşrutu üzrə gündəlik uçuşlardan əlavə WizzAir tərəfindən Əbu-Dabiyə, Air Arabia tərəfindən Şarjaya, Qatar Airways tərəfindən Dohaya və Azərbaycan Hava Yolları tərəfindən Ciddəyə müntəzəm uçuşlar icra edilir. Eyni zamanda 15 dekabr tarixindən etibarən Bakı-Küveyt marşrutu üzrə çərşənbə və şənbə günləri olmaqla, həftədə 2 dəfə birbaşa uçuşların başladılması planlaşdırılır.
BƏƏ, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı və Küveyt daxil olmaqla, 65 ölkənin vətəndaşları və rezidentləri müəyyən şərtlərlə Azərbaycana hava yolu ilə səfər edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan sərnişinlərdən tam vaksinasiya olunmaları və ya COVID-19 xəstəliyindən sağalmaları barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması tələb olunur. 18 yaşdan aşağı şəxslərin isə yalnız sonuncu sənədi təqdim etmələri kifayətdir.
Azərbaycana səyahət barədə ən son məlumatlar üçün Azerbaijan.travel vebsaytını ziyarət edə bilərsiniz.