Azərbaycan Turizm Bürosu “Absheron Hotel Group” ilə birlikdə Türkiyənin turizm sənayesi nümayəndələri üçün iki müxtəlif tanışlıq səfəri təşkil edib.
Ötən həftə ərzində baş tutan səfərlər çərçivəsində ümumilikdə 22 turizm sənayesi nümayəndəsi ölkəmizin qış və işgüzar turizm potensialı, eləcə də mədəni irsi və milli mətbəx nümunələri ilə yaxından tanış olub.
Səfər proqramı çərçivəsində iştirakçılar Bakının turizm imkanlarını, daha sonra isə “Şahdağ” Turizm Mərkəzini ziyarət edərək ölkənin qış turizmi potensialını yaxından kəşf ediblər.
Hər iki proqram 60 turizm nümayəndəsinin iştirakı ilə keçirilən B2B formatlı görüşlər ilə yekunlaşıb. Görüşlərdə Azərbaycanın işgüzar turizm imkanları, hotelləri və ümumilikdə yüksək səviyyəli biznes tədbirləri üçün imkanları haqqında məlumat verilib.