“50 Best Discovery” platforması, Azərbaycan Turizm Bürosunun (ATB) dəstəyi ilə, ölkənin zəngin turizm və qastronomiya potensialını nümayiş etdirən sənədli filmin təqdimatına hazırlaşır.
Qlobal qonaqpərvərlik sahəsində nüfuzlu qurumlardan biri kimi tanınan “50 Best” təşkilatı, qastronomiya sahəsində mükəmməllik və innovasiyaları nümayiş etdirərək müxtəlif ölkələrdəki restoran, bar, otel və üzümçülük sahəsindəki ən yaxşı məkanları dünya miqyasında tanıdır.
“50 Best Discovery” platformasının “50 Best Explores” xüsusi buraxılışı çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində çəkiliş aparılaraq ölkənin rəngarəng kulinariya irsi nümayiş etdirilib. Buraxılışın əsas qonağı, restoranı “The World’s 50 Best Restaurants 2025” siyahısında 62-ci yerdə qərarlaşan “Michelin” ulduzlu aşpaz Villem Hil, Azərbaycanın orijinal dadlarını və ənənələrini kəşf etmək üçün ölkəboyu səyahətə çıxıb.
Çəkilişlər “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda, Qalacıq kəndində, Bakıda Yaşıl Bazar və İçərişəhərdə, eləcə də Lənkəran bölgəsində, xüsusilə məşhur Sitrus Vadisində aparılıb.
Buraxılış boyunca yerli aşpazlar və kulinariya mütəxəssisləri aşpaz Hil-ə ölkənin kulinariya irsini nümayiş etdirərək milli mətbəxin formalaşmasına təsir edən hekayələri, ənənələri və inqrediyentləri onunla bölüşüblər.