24-26 sentyabr tarixlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Beynəlxalq Konkisürmə Birliyinin (ISU) yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışı baş tutub.
Tədbirin açılış mərasimində çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda ilk dəfə təşkil olunan “Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının ölkəmiz üçün qış idman növlərinin inkişafında yeni mərhələ olduğunu bildirib və yarışın Azərbaycanda keçirilməsinin təkcə fiqurlu konkisürmə üzrə deyil, ümumilikdə qış idman növlərinin inkişafı baxımından yeni imkanlar açdığını qeyd edib.
Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kim qran-pri yarışında iştirak edərək, “ISU yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri”nin Azərbaycanın kimi dinamik inkişaf edən ölkədə keçirilməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycanın müasir idman infrastrukturu, təşkilatçılıq təcrübəsi və gənclərə verdiyi dəstək sayəsində ölkə beynəlxalq idman ailəsinin etibarlı tərəfdaşına çevrilib, bu da gələcəkdə daha böyük beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə zəmin yaradacaq.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən qran-pri 3 gün davam edib. “ISU yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışında 38 ölkədən 92 idmançı iştirak edib.