Azərbaycan Turizm Bürosu (ATB) Belarus Respublikası Idman və Turizm Nazirliyi ilə Milli Turizm Agentliyinin Turizm Departamentinin birgə təşkilatçılığı əsasında keçirilən turizmin inkişafına həsr olunmuş mühüm konfransda iştirak edib.
Plenar sessiyada Azərbaycanın beynəlxalq bazarlarda apardığı tanıtım fəaliyyəti xüsusi diqqətə çatdırılıb. Əlavə olaraq, Azərbaycanın turizm imkanları barədə təqdimat edilib, həmçinin belaruslu səyahətçilərin Azərbaycana artan marağı da vurğulanıb.
2024-cü ildə 26 mindən çox Belarus vətəndaşı Azərbaycana səfər edib və bu rəqəm artmaqda davam edir.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu cari ilin avqust ayında Minsk şəhərində keçirilən silsilə tədbirlər çərçivəsində B2B formatlı görüşlər təşkil edib.
Azərbaycan belaruslu turistlər üçün ilboyu səyahət destinasiyası olaraq cəlbediciliyini qoruyur. Son illərdə sağlamlıq turizmi, mədəni marşrutlar və xüsusilə qış turizmi, o cümlədən dağ-xizək kurortlarına maraq belaruslu səyahətçilər arasında nəzərəçarpacaq dərəcədə artıb.