Azərbaycan 4-6 mart 2025-ci il tarixlərində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “ITB Berlin” sərgisində, “Azərbaycan Hava Yolları” (AZAL) və 10 turizm sənayesi tərəfdaşı ilə birlikdə ölkənin turizm sektorunu qlobal arenada tanıtmaq məqsədilə iştirak edib.
Sərgi çərçivəsində B2B görüşlər keçirildi və yeni əməkdaşlıq imkanları müzakirə edildi.
Bu il ölkə stendi ziyarətçilərə Azərbaycan çayı və şirniyyatlarını dadmaq, eləcə də hər gün iki dəfə bir saatlıq Azərbaycan şərab dequstasiyasına qatılmaq imkanı təqdim etdi.
Bundan əlavə, sərginin qonaqları UNESCO Dünya İrsi Siyahısına daxil olan Azərbaycan mədəni irsi, tarixi abidələri, unikal turizm marşrutları, eləcə də “Slow Food” və “Slow Wine” təcrübələri barədə ətraflı məlumat əldə ediblər.
Sərginin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayev, UNWTO-nun baş katibi Zurab Pololikashvili, Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru Culiya Simpson və Albaniyanın Milli Turizm Agentliyinin baş direktoru Zana Cela da stendi ziyarət ediblər.