Azərbaycan Turizm Bürosu 23-26 fevral tarixlərində Doha, Qətərdə keçirilən “Connections Luxury Middle East 2025” tədbirində rəsmi tərəfdaş qismində iştirak edib və Azərbaycanın lüks turizm imkanlarını beynəlxalq auditoriyaya təqdim edib.
Tədbirə Yaxın Şərq, Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələri, Avropa, ABŞ, Böyük Britaniya və Cənubi Asiyadan aparıcı turizm sənayesi nümayəndələri, o cümlədən 100-dən çox beynəlxalq şirkət – lüks otel şəbəkələri, turizm şirkətləri və yüksək səviyyəli səyahət agentlikləri qatılıb.
Azərbaycan “GCC Səyahətçiləri üçün 2024-cü ilin Ən Populyar 10 Xarici Destinasiya” sırasında yer alaraq premium turizm istiqaməti kimi mövqeyini daha da gücləndirib.
Tədbir çərçivəsində Azərbaycan Turizm Bürosu aparıcı turizm şirkətləri ilə 40-a yaxın B2B görüş keçirərək ölkənin lüks turizm potensialını təqdim edib. Müzakirələr qış və yay turizmi, sağlamlıq və istirahət mərkəzləri, eləcə də Ramazan bayramı ərəfəsində turizm imkanları ilə bağlı aparılıb.