Azərbaycan Turizm Bürosu 30 yanvar – 1 fevral tarixlərində Hindistanın Mumbay şəhərində keçirilən Asiya-Sakit Okean regionunun ən böyük turizm sərgisi olan OTM Mumbai 2025-də iştirak edir. Bu nüfuzlu tədbir, ATB-nin 22 tərəfdaşı və "Azərbaycan Hava Yolları" ilə birlikdə ölkəmizin turizm potensialını nümayiş etdirməsi üçün əhəmiyyətli platformadır.
“Experience Azerbaijan” stendi ziyarətçilərə Azərbaycanın tarixini, mədəniyyətini, macəra dolu təbiətini və müasir lüksünü təqdim edir. Qonaqlar ənənəvi Azərbaycan şirniyyatlarından dadaraq Hindistanlı turistlər üçün xüsusi səyahət imkanları ilə tanış ola bilərlər. Qafqaz dağlarında xizək sürmək, spa və sağlamlıq mərkəzlərində dincəlmək, Bakının gecə həyatı və mədəni irsini kəşf etmək Azərbaycanı Hindistanlı turistlər üçün maraqlı və rahat səyahət məkanına çevirir. Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov, "Hindistanlı Səyahətçiləri Cəlb Etmək: Güclü Destinasiyalardan Strateji Yanaşmalar" adlı panel müzakirəsində Azərbaycan turizminin inkişafı ilə bağlı öz strategiyalarını paylaşdı.
Azərbaycan və Hindistan arasındakı tarixi və mədəni əlaqələr tədbirdə xüsusi vurğulanır. 5000 illik irsə malik Azərbaycan qədimdən bəri fərqli mədəniyyətlərin qovuşduğu məkan olub. Bu əlaqələrin parlaq nümunəsi Atəşgah məbədidir- əsrlər boyu Hindistandan gələn atəşpərəst tacirlərin ibadətgahı olmuş bu məbədin divarları sanskrit yazıları ilə bəzədilib. Bu gün də Atəşgah turistləri valeh edir və Azərbaycan-Hindistan münasibətlərinin qədimliyini əks etdirir.
Azərbaycan təkcə zəngin tarixi ilə deyil, həm də qonaqpərvərlik və ailə yönümlü mühitlə Hindistanlı səyahətçilər üçün ideal istiqamət təqdim edir.
Xüsusilə, Azərbaycanın beynəlxalq tədbirlər və turizm üçün aparıcı məkan kimi mövqeyi Skytrax 5 ulduzlu Bakı Beynəlxalq Hava Limanı, lüks otellər və Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi kimi ikonik məkanlarla güclənir. COP29-un ev sahibi olması isə Azərbaycanın biznes tədbirləri sahəsində liderliyini bir daha təsdiqləyir.
Hindistanlı turistlərin artan marağına əsasən, Azərbaycan Hava Yolları və IndiGo aviaşirkətləri ilə Dehli və Mumbaydan Bakıya həftədə 14 birbaşa uçuş həyata keçirilir. Viza prosesi sadələşdirilib – evisa.gov.az vasitəsilə cəmi üç günə, təcili hallarda isə 3-5 saata təsdiqlənir. Bu rahat və operativ sistem Hindistanlı turistlər üçün Azərbaycana səfəri daha əlçatan edir.