Azərbaycan Turizm Bürosu (ATB) 2024-cü il 5-10 dekabr tarixlərində Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn və Omandan olan 27 tanınmış turizm agentliyinin nümayəndələri üçün tanışlıq səfəri təşkil etmişdir. Bu səfər Səudiyyə Ərəbistanının Flynas Hava Yollarının dəstəyi ilə həyata keçirilmişdir və məqsədi Körfəz ölkələrinin nümayəndələrinə Azərbaycanın qış turizmi imkanlarını, həmçinin ölkənin təbii və mədəni turizm potensialını təqdim etməkdən ibarət olmuşdur.
Səfər çərçivəsində təxminən 45 Azərbaycan turizm sektoru nümayəndəsi ilə Körfəz ölkələrinin nümayəndələri arasında B2B formatında işgüzar görüşlər keçirilmişdir. Bu strateji görüşlər Azərbaycanın beynəlxalq turizm məkanı kimi mövqeyinin gücləndirilməsi və Azərbaycan ilə Körfəz ölkələri arasında turizm sahəsində kommersiya əlaqələrinin genişləndirilməsi baxımından mühüm rol oynayır.
Səfərin əsas məqamlarından biri Şahdağ Turizm Mərkəzinə təşkil olunmuş bir günlük səfər olmuşdur. Körfəz nümayəndələri burada müasir xizək infrastrukturu ilə tanış olmuş və mərkəzin unikal qış turizmi potensialını əyani şəkildə təcrübədən keçirmişlər. Bu immersiv səfər iştirakçılara Azərbaycanın turizm imkanlarının müxtəlifliyini, təbii gözəlliklərini, zəngin mədəni irsini və dünya səviyyəli turizm infrastrukturunu nümayiş etdirmişdir.
Bundan əlavə, Körfəz ölkələrindən Azərbaycana artan marağı ölkənin sadələşdirilmiş giriş prosedurları və rahat səyahət əlaqələri dəstəkləyir. Bu ölkələrin vətəndaşları Azərbaycan e-vizasını rəsmi evisa.gov.az portalı vasitəsilə 3 iş günü ərzində və ya təcili halda 3 saat ərzində əldə edə bilərlər. Bu təşəbbüs Azərbaycanın macəra, təbiət və mədəni araşdırma turizmi üzrə aparıcı destinasiya kimi mövqeyini gücləndirmək strategiyasına uyğundur.