Azərbaycan Turizm Bürosu (ATB) 2024-cü il noyabrın 29-dan dekabrın 6-dək Almaniya, Avstriya və İsveçrənin tanınmış 12 turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil etmişdir.
Turizm sahəsində DACH regionun və Azərbaycan arasında potensial tərəfdaşlıqlar və əməkdaşlıqların təşviq edilməsinə dair 40-a yaxın yerli şirkətlə B2B formatında görüşlər keçirilmişdir. Azərbaycan Turizm Bürosu bu əməkdaşlıqlar vasitəsilə Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirmək və ölkəmizi regionun aparıcı turizm məkanı kimi təşviq etmək səylərini bir daha nümayiş etdirmişdir.
Tanışlıq səfərinin məqsədi Azərbaycanın mədəniyyət və təbiət turizmini, eyni zamanda, regionların turizm potensialını həmin şirkət nümayəndələrinə təqdim etməkdir. Səfər çərçivəsində iştirakçılar Şəki və Qəbələ şəhərləri əhatə edən turunda iştirak etdilər. Tanışlıq səfəri zamanı turizm sənayesində fəaliyyət göstərən liderlərə həm mədəni, həm də macəra turizmi ilə maraqlanan turistlərin diqqətinin çəkə biləcəyi destinasiya kimi Azərbaycanın turizm imkanları haqqında ətraflı məlumat verildi.
Tanışlıq səfəri Almaniyadan Türk Hava Yollarının və Avstriyadan Azərbaycan Hava Yollarının (AZAL) dəstəyi ilə təşkil edilmişdir.
2024-cü ilin yanvar-noyabr aylarında Almaniya, Avstriya və İsveçrədən ümumilikdə Azərbaycana 25 599 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26% artımdır.