Azərbaycan Turizm Bürosu 15-19 sentyabr 2024-cü il tarixlərində Səudiyyə Ərəbistanında silsilə yol şousunu təşkil edir. Tədbirlər Səudiyyə Ərəbistanının dörd əsas şəhərində keçiriləcəkdir: 15 sentyabr - Ciddə, 16 sentyabr - Mədinə, 18 sentyabr - Dəmmam və 19 sentyabr - Ər-Riyad.
Tədbirlər çərçivəsində hər şəhərdə təxminən 100 iştirakçının qatıldığı B2B (biznesdən-biznesə) formatlı seminarlar təşkil olunur. Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-cı və Şahdağ Turizm Mərkəzi Azərbaycanı önəmli destinasiya kimi tanıdan xüsusi turizm təklifləri ilə iştirak edirlər. Görüşlər zamanı Azərbaycanın turizm potensialı geniş şəkildə təqdim edilir, o cümlədən ölkəmizin qış mövsümündə dağ kurortları, xizək turizmi və digər qış fəaliyyətləri, sağlamlıq turizmi, təbiət turizmi, həmçinin yay və qış fəalliyyətləri, lüks turizm seqmenti, Bakı və Azərbaycanın regionları haqqında məlumat yerli turizm şirkətlərinə çatdırılır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Səudiyyə Ərəbistanından Azərbaycana 76 816 nəfər səfər edib ki, bu da ötən illə müqayisədə 31%-dən çox artımdır.