Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)
ölkə profili
Birləşmiş Ərəb Əmirlikləri
ölkə profili
Qonaqların sayı, gecələmə və xərcləmələrin artması ilə Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın turizm sektoru üçün əsas hədəf bazarlardan biri hesab olunur.
Azərbaycan üçün əhəmiyyəti
2023-cü ildə BƏƏ turistlərinin ən yüksək nisbəti mart, iyul, avqust və dekabr aylarına təsadüf edən Ramazan bayramı, Qurban bayramı və qış tətilində müşahidə olunub. Azərbaycanın tarix və mədəniyyəti, təbiəti, qonaqpərvərliyi, mətbəxi, müasirliklə qədimliyin yaratdığı vəhdəti ziyarətçilər tərəfindən yüksək qiymətləndirilir. BƏƏ-dən gələn turistlər Dubay, Əbu-Dabi və Şarjadan birbaşa uçuş imkanına malikdir.
2024-cü il üzrə bayram günləri
1 yanvar – Yeni il
8-12 aprel – Ramazan bayramı
15 iyun - Ərəfə günü
16-18 iyun – Qurban bayramı
7 iyul – Hicri təqvimi ilə Yeni il
15 sentyabr – Məhəmməd peyğəmbərin doğum günü
2-3 dekabr – Milli Gün
Əsas tətil dövrləri
28 iyun-26 avqust – Yay tətili
11 dekabr-1 yanvar – Qış tətili/Yeni il
25 mart-14 aprel – Yaz tətili
8-12 aprel – Ramazan bayramı
Birləşmiş Ərəb Əmirlikləri ziyarətçiləri
BƏƏ turistləri dünyada ən çox pul xərcləyən səyahətçilər sırasındadır və bu ölkənin pasportu dünyanın ən güclü pasportlarından biri hesab olunur. Səyahət edənlərin böyük bir hissəsi ailələri ilə birgə (xidmətçilər də daxil olmaqla 6-12 nəfər) səyahət edir. Xarici tətil səfərlərində təxminən 15 gecə keçirdikləri üçün qalma müddəti nisbətən uzundur.
İnformasiya mənbələri: İnternet, dost-tanış tövsiyəsi, video materiallar, jurnallar, televiziya proqramları, sosial şəbəkə.
Yüksək onlayn istifadə: YouTube və Instagram BƏƏ-də istifadəsi geniş yayılan ən böyük sosial media platformalarıdır. Bir BƏƏ vətəndaşı sosial mediada gündəlik ortalama 8 saata yaxın vaxt sərf edir.
Səyahət qərarlarının qəbulu: Son anda edilən rezervasiyalar. Bir neçə günlük turlar və fəaliyyətlərə üstünlük verilir və əvvəlcədən rezervasiya edilir. Rahatlıq əsas amildir, çünki səyahətçilər müxtəlif fəaliyyətləri planlaşdırmağa artıq vaxt sərf etmək istəmirlər.
Nəqliyyat vasitələri: BƏƏ turistləri əsasən təyyarə ilə səyahət edir.
Əsas tətil maraqları: Şəhər tətilləri, ailə/uşaq kurortları, alış-veriş, gecə həyatı, təbiət və ekoturizm, sağlamlıq və müalicə, idman tədbirləri.
Fəaliyyətlər: Görməli yerləri gəzmək, restoran və klublara getmək, alış-veriş etmək.
Destinasiya seçimində üstünlüklər: BƏƏ-də olmayan fəaliyyətlər, vizasız rejim, təhlükəsizlik, müsəlmanlarla dostluq əlaqələri, qonaqpərvərlik, qastronomiya, geniş çeşiddə 4-5 ulduzlu hotellər və uşaqlarla getmək üçün müxtəlif məkanlar.
2023-2024-cü illər üçün Marketinq Strategiyası
Birləşmiş Ərəb Əmirliklərinin marketinq strategiyası Bakıdan kənarda yerləşən regionları da əhatə edəcək və “İpək Yolu” turları, sağlamlıq, təbiət və mədəniyyət kimi yeni turizm məhsullarının təşviqinə yönələcək. Buraya bazarın əsas oyunçuları ilə tərəfdaşlıq, spesifik seqmentlərə yönələn marketinq kampaniyaları, onlayn media və çap materiallarında işıqlandırma, tanışlıq səfərlərinin təşkili, Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq turizm sərgilərində və yol şoularında iştirak daxildir.
Əsas strateji yanaşma:
Məhsul / Bazar / Miks
BƏƏ turistinin ortalama yaşı 31-40 arasındadır. 20 yaşlarının sonlarınadək cütlük və ya dost qrupları ilə səyahət etməyə meyillidirlər (14.8%-i daha çox dostları ilə səyahət edir). 68%-i ailəlidir və ailələrin 27%-də 4 nəfər, 33%-də isə 5 və daha artıq adam yaşayır. Ortalama səyahət müddəti isə 7-11 gün təşkil edir. Qısamüddətli bayramlarda 7 günlük, uzunmüddətli bayramlarda isə 11 günlük qısa tətil müddəti var. Həmçinin BƏƏ nisbətən gənc və zəngin səyahət bazarı hesab olunur. Alış-veriş BƏƏ səyahətçiləri üçün əsas fəaliyyətlərdən biridir. Eyni zamanda, bu turistlər BƏƏ-də olmayan fəaliyyətləri kəşf etməyə üstünlük verirlər.
Ən çox ziyarət edilən yerlər: Bakı, Qəbələ, Şəki, Quba.
Əlaqələr:
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı sıx əlaqələr mövcuddur. Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində səfirliyi, həmçinin Dubayda Baş konsulluq və Ticarət Evi fəaliyyət göstərir.
Aşağıdakı cədvəldə son 5 ildə Birləşmiş Ərəb Əmirliklərindən ziyarətçilərin Azərbaycana gəlmə statistikası verilir.
2017 |
2018 |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
102.360 |
93.835 |
68.289 |
7.951 |
17.275 |
41.085 |
45.759 |
Əlaqədar şəxs:
Yaxın Şərq regionu üzrə menecer
Kamran Daşdəmirov