Səudiyyə Ərəbistanı
ölkə profili
Səudiyyə Ərəbistanı
ölkə profili
Azərbaycana ən çox turist gələn ilk 5 ölkə sırasında Səudiyyə Ərəbistanı əhəmiyyətli yer tutur. Son statistik hesabatlar bu ölkədən Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunduğunu göstərir. Qonaqların sayı, gecələmə və xərcləmələrin artması ilə Səudiyyə Ərəbistanı Azərbaycanın turizm sektoru üçün əsas hədəf bazarlardan biri hesab olunur.
Azərbaycan üçün əhəmiyyəti
Səudiyyə Ərəbistanından gələnlərin sayının artması səbəbləri arasında əsasən iqlim, oxşar mədəniyyət, müsəlmanlarla dostluq əlaqələri, Azərbaycanın milli adət-ənənələri və qonaqpərvərliyi, eləcə də birbaşa uçuşların tezliyi yer alır. Yüksək artımın digər bir səbəbi kimi Səudiyyə Ərəbistanı vətəndaşları üçün sadələşdirilmiş viza rejimi vurğulanır. Səudiyyə Ərəbistanından gələn turistlərin ən yüksək nisbəti iyul və avqust aylarında müşahidə olunur. Ziyarətçilər Ər-Riyad, Ciddə, Damman şəhərlərindən birbaşa uçmaq imkanına malikdir.
2024-cü il üzrə bayram günləri
22 fevral - Quruluş Günü
8-14 aprel - Ramazan bayramı
14-16 iyun - Qurban bayramı
23 sentyabr - Milli Gün
Əsas tətil dövrləri
11 iyun-20 avqust - Yay tətili
17 dekabr – 4 yanvar - Qış tətili
8-14 aprel - Ramazan bayramı
Səudiyyə Ərəbistanı ziyarətçiləri
Səudiyyə Ərəbistanı turistləri dünyada ən çox pul xərcləyən səyahətçilər sırasındadır. Səyahət edənlərin böyük bir hissəsi ailələri ilə birgə (xidmətçilər də daxil olmaqla 6-10 nəfər) səyahət edir. Xarici tətil səfərlərində təxminən 13 gecə keçirdikləri üçün qalma müddəti nisbətən uzundur.
İnformasiya mənbələri: İnternet, dost-tanış tövsiyəsi, video materiallar, jurnallar, televiziya proqramları, sosial şəbəkə.
Yüksək onlayn istifadə: YouTube, Facebook və Instagram Səudiyyə Ərəbistanında istifadəsi geniş yayılan ən böyük sosial media platformalarıdır. Səudiyyə Ərəbistanı adambaşına istifadə üzrə “YouTube” platformasının qlobal miqyasda ən böyük hədəf bazarı mövqeyini tutur. Belə ki, ölkədə 15-24 yaş arasında olanlar gündə orta hesabla 72 dəqiqəni videolara baxmaqla keçirirlər. İnternet istifadəçilərinin 94%-i sosial media marketinqinin brendlərin uğurunda böyük rol oynadığına inanır.
Səyahət qərarlarının qəbulu: Son an edilən rezervasiyalar GCC ölkələrində səyahət edənlər arasında populyarlıq qazanıb. Hər beş səyahətçidən ikisindən çoxu uçuşa bir həftədən az qalmış müddətə uçuş biletlərini alır. Lakin onlayn rezervasiyaların 65%-i səyahət tarixinə iki həftə qalmış müddətdə həyata keçirilir.
Nəqliyyat vasitələri: Səudiyyə Ərəbistanı turistləri əsasən təyyarə ilə səyahət edir.
Əsas tətil maraqları: Şəhər tətilləri, ailə/uşaq kurortları, alış-veriş, gecə həyatı, təbiət və ekoturizm, sağlamlıq və müalicə, idman tədbirləri.
Fəaliyyətlər: Görməli yerləri gəzmək, restoran və klublara getmək, alış-veriş etmək.
Destinasiya seçimində üstünlüklər: Vizasız rejim, təhlükəsizlik, müsəlmanlarla dostluq əlaqələri, qonaqpərvərlik, qastronomiya, geniş çeşiddə 4-5 ulduzlu hotellər və uşaqlarla getmək üçün müxtəlif məkanlar.
Ən çox ziyarət edilən yerlər: Bakı, Qəbələ, Şəki, Quba
2023-2024-cü illər üçün Marketinq Strategiyası
Səudiyyə Ərəbistanının marketinq strategiyası Bakıdan kənarda yerləşən regionları da əhatə edəcək. Həmçinin gecə həyatı, açıq hava fəaliyyətləri, təbiət və tarix kimi Səudiyyə Ərəbistanında mövcud olmayan attraksionlara fokuslanaraq turizm məhsullarının inkişafına yönəldiləcək. Buraya bazarın əsas oyunçuları ilə tərəfdaşlıq, spesifik seqmentlərə yönələn marketinq kampaniyaları, onlayn media və çap materiallarında işıqlandırma, tanışlıq səfərlərinin təşkili, Səudiyyə Ərəbistanında beynəlxalq turizm sərgilərində və yol şoularında iştirak daxildir.
Əsas strateji yanaşma:
Məhsul / Bazar / Miks
Səudiyyə Ərəbistanı turistinin ortalama yaşı 31-40 arasındadır. 20 yaşlarının sonlarınadək cütlük və ya dost qrupları ilə səyahət etməyə meyillidirlər (14.8%-i daha çox dostları ilə səyahət edir). 68%-i ailəlidir və ailələrin 27%-də 4 nəfər, 33%-də isə 5 və daha artıq adam yaşayır. Orta səyahət müddəti isə 10-13 gün təşkil edir. Qısamüddətli səyahət orta hesabla 3-4 gecədir. Ailəvi səyahət edənlər (uşaqlar və xidmətçilər) adətən daha uzun müddət qalmağa və təbiəti, şəhəri kəşf etməyə üstünlük verir. Gənclər və gənc cütlüklər daha çox təbiət, mədəniyyət və gecə həyatını təcrübə etmək istəyirlər. Üstünlük qrupu və universitet tələbələri daim yeni mühit axtarışındadır. Bal ayına çıxanlar isə çoxistiqamətli səfərlər barədə düşünür və istirahət, təbiət, həyat tərzi təcrübələrinə üstünlük verirlər.
Əlaqələr:
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı sıx əlaqələr mövcuddur. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi Ər-Riyad şəhərində fəaliyyət göstərir.
Aşağıdakı cədvəldə son 5 ildə Səudiyyə Ərəbistanından Azərbaycana ziyarətçilərin gəlmə statistikası verilir.
2017 |
2018 |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
33.273 |
72.935 |
106.994 |
11.945 |
8.782 |
96.231 |
80.677 |
Əlaqədar şəxs:
Yaxın Şərq regionu üzrə menecer
Kamran Daşdəmirov